Ərdoğan və Şahbaz Şərifdən 5 milyard dollarlıq hədəf

17:00 06.07.2026 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Türkiyə və Pakistan iqtisadi əməkdaşlığın genişləndirilməsi barədə razılığa gəlib.

Hafta.az xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb.

Məlumata görə, Pakistanın Baş naziri Şahbaz Şərifin Türkiyəyə rəsmi səfəri çərçivəsində keçirilən görüşlərdə iki ölkə arasında iqtisadi əlaqələrin dərinləşdirilməsi və strateji tərəfdaşlığın gücləndirilməsi məsələləri müzakirə olunub.

Bildirilir ki, tərəflər qarşılıqlı ticarət dövriyyəsinin 5 milyard dollara çatdırılması istiqamətində birgə fəaliyyət göstərmək niyyətlərini bir daha təsdiqləyiblər.

Qeyd olunur ki, İstanbulda keçirilən “Pakistan–Türkiyə Biznes Konfransı”nda çıxış edən Pakistanın Baş nazirinin müavini və xarici işlər naziri İshaq Dar türk şirkətlərini enerji, mədənçıxarma, infrastruktur, kənd təsərrüfatı, logistika, turizm, informasiya texnologiyaları və müdafiə sənayesi sahələrinə investisiya yatırmağa çağırıb.

Məlumata əsasən, İshaq Dar ölkəsində həyata keçirilən iqtisadi islahatların investorlar üçün daha əlverişli biznes mühiti yaratmağa yönəldiyini bildirib.

Bildirilir ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan da türk investorlarını Pakistanda fəaliyyətlərini genişləndirməyə çağırıb. O, Kəraçidə türk şirkətləri üçün Xüsusi İqtisadi Zonanın yaradılması istiqamətində işlərin davam etdiyini qeyd edib.

Qeyd olunur ki, görüşlərdə “Pakistan–Türkiyə Rəqəmsal Dəhlizi”nin yaradılması, 5G texnologiyalarının tətbiqi və proqram təminatı sahəsində əməkdaşlıq perspektivləri də müzakirə edilib.

Məlumata görə, tərəflər regional təhlükəsizlik məsələləri ətrafında da fikir mübadiləsi aparıblar. Pakistan Şimali Kipr Türk Respublikası ilə bağlı Türkiyənin mövqeyini dəstəklədiyini bəyan edib, Ankara isə Cammu və Kəşmir məsələsində Pakistanın mövqeyinə dəstəyini bir daha ifadə edib./redaktor/